Tel: (+994) 50 512 00 60

Email: info@dr-alif.az

Dəri və Yumuşaq toxuma cərrahiyyəsi

PİY TOXUMASININ TÖRƏMƏLƏRİ - LİPOMA VƏ ANQİOLİPOMA.

Lipoma.

Səthi dərialtı lipomalar ən geniş yayılmış xoşxassəli yumşaq toxuma törəmələridir. Səthi lipomaların çox nadir hallarda hansısa simptomlarla müşahidə edilir. Lipoması olan xəstələr həkimə adətən iki səbəbdən müraciət etmiş olur. Bəzi xəstələr lipomaların bədxassəli olduğundan narahatlıq hissi keçirir, digərləri isə sadəcə böyük ölçülü lipomaların kosmetik qüsur yaratdığından onun çıxarılmasını istəyir.

Lipomalar nazik fibroz kapsulaya bürünmüş yetişmiş piy hüceyrələrinin toplumudur. Lipomalar bədənin piy toxuması olan istənilən hissəsində əmələ gələ bilər. Onlar adətən səthi olaraq dərialtı toxumada geniş müşahidə edlir, lakin bəzən fassiya və ya daha dərin əzələ qatlarında da əmələ gələ bilər. Lipomaların inkişafı etiologiyası hələ ki, dəqiq anlaşılmayıbdır.

Lipoma çox zaman dəri altı müəyyən edilən kiçik "tennis şarı" kimi xarakterizə edilir. Lakin, tennis şarından fərqli olaraq lipomalar yumşaq olur. Bir çox xəstədə bir neçə lipoma müəyyən edilə bilər. Bəzi hallarda isə çoxsaylı lipomaları olan xəstələrdə irsi çoxsaylı lipomatoz xəstəliyi müəyyən edilə bilər. Lipomaların maliqnizasiya olunaraq liposarkomaya transformasiyası çox nadir haldır.

Lipoma diaqnozu adətən kliniki müayinə əsasında qoyulur. Lipomalar yumşaq, asimptomatik və adətən yavaş böyüyən törəmələrdir. Əgər lipoma olduğu düşünülən törəmə hansısa simptomlara səbəb olursa (məs., ağrı və ya hərəkətin məhdudlaşdırılması) və ya sürətlə böyüyürsə və ya yumşaq əvəzinə bərkdirsə, onun biopsiya olunması tövsiyə edilir.

Lipomanın müalicəsi onun kapsula ilə birlikdə kəsilib çıxarılmasıdır. Lipomanın kəsilib götürülməsindən sonra təkrar əmələ gəlməsi nadir hallarda müşahidə edilir.

Cərrahi müalicənin yan təsirlərinə seroma, çapığın əmələ gəlməsi və hematomanın formalaşması daxildir. Cərrahi kəsiklə lipomanın çıxarılmasına alternativ kimi liposaksiya və aşağı konsentrasiyalı deoksixolatın inyeksiyası metodları da tətbiq oluna bilər. Deoksixolat inyeksiyalarının geniş tətbiqi üçün daha iri miqyaslı araşdırmaların aparılması tələb olunur.

Anqiolipoma.

Anqiolipoma adipositlərin xoşxassəli törəməsidir və əsasən yeniyetmə və gənclərdə müşahidə edilir. Anqiolipoma diametri 0.5-2.0 sm ölçüdə olan dərialtı yumşaq düyün kimi çox zaman yuxarı ətraflarda və döş divarında müəyyən edilir. Anqiolipoma törəmələri adətən çoxsaylı və ağrılı olur. Anqiolipomalar həm də antiretrovirus terapiyasına başlamış HİV-ə yoluxmuş xəstələrdə də müşahidə edilmişdir.

Kliniki cəhətdən isə anqiolipomalar lipomalar çox bənzəyir. Lakin, lipomalardan fərqli olaraq anqiolipomalar ağrılı olur. Anqiolipomaların diaqnostikası üçün histoloji müayinənin aparılması tələb olunur. Histoloji müayinədə isə yetişmiş adipoz toxuma hüceyrələri ilə kapilyar damarların qarışığından ibarət enkapsulyasiya olunmuş şiş təyin edilir. Lipomalarda damarların proliferasiyası müşahidə edilmir.

Anqiolipomaların müalicəsi tək ağrılı düyünlərin kəsilib çıxarılmasından ibarətdir. Çoxsaylı törəmələrin müalicəsi isə bir çox hallarda çətinlik təşkil edir. Bir sıra tədqiqatlarda liposaksiyanın uğurlu nəticələr verdiyi göstərilmişdir.

Xəbərdarlıq

Saytdakı bütün məlumatlar və əl işləri bir-başa olaraq ümumi və bariatrik cərrah Dr. Əlif Hüseynzadəyə məxsusdur. Müalicə və proflaktika tədbirlərini həkimdən məsləhətsiz tətbiq etməməyiniz tələb olunur. Əks halda həkim bunun üçün heç bir məhsuliyyət daşımır.

Digər saytlarımız:

www.medekichiltme.az 

Əlaqə

Bakı şəh., Yasamal r-nu., Zahid Xəlilov küç.99B

+994 50 512 00 60

info@dr-alif.az

© 2014 - 2019 Dr-alif.az . Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design